
Bakı. Trend:
Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi
edir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal
təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti İlham
Əliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndənin
iştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platforma
olduğunu təsdiq edir.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, dövlət başçısı Forumda müzakirə olunacaq
mövzuların da əhəmiyyətini vurğulayıb.
“Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş Forumdan sonra ötən
dövr ərzində dünya heç də təhlükəsiz olmayıb. Dünyada yeni
münaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərin
sayı artır. Əlbəttə ki, Bakı Forumundan bütün bu qlobal
problemlərin həlli yollarının müəyyən edilməsi məsələsinə dəyərli
töhfələrin veriləcəyi gözlənilir”.
K.Qafarovun fikrincə, qlobal təhlükəsizlik məsələlərinin
həllində mədəniyyətlərarası dialoq amili hər zaman önəmli rol
oynayıb:
“Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi,
Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi ölkəmizin əsrlər
boyu mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmasını
şərtləndirib. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik
olan Azərbaycan cəmiyyəti özündə tolerantlığı, qarşılıqlı hörməti,
dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri yaşadıb. Məhz bu
müsbət tendensiya da nəticə etibarı ilə Azərbaycanın müstəqil ölkə
kimi uğurlu inkişafına zəmin yaradıb.
Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycanda
başlanmasının əsas səbəblərdən biri budur ki, bizim ölkəmizdə,
cəmiyyətimizdə sülh, sabitlik və həmrəylik mədəni müxtəliflik və
qarşılıqlı hörmətlə qırılmaz tellərlə bağlıdır. Azərbaycan
daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun mövcud
olması da danılmaz faktdır. Dövlət başçımızın dediyi kimi,
multikulturalizm Azərbaycan vətəndaşları üçün hansısa bir abstrakt,
öyrənməli olacağımız məfhum deyil. Bu, bizim gündəlik həyat
tərzimizdir”.
Prezident İlham Əliyevin nitqində yeni müstəmləkə
tendensiyalarına qarşı yer alan fikirlərin əhəmiyyətini vurğulayan
K.Qafarov daha sonra deyib:
“Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında bir
çox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkret
açıqlamalar yer almışdır. Dövlət başçısı Azərbaycanın Qoşulmama
Hərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkə
tendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqət
mərkəzinə çəkdi.
Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çox
ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin
aparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçün
aparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsini
və qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinin
digər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunu
bəyan etdi.
Dövlətimizin başçısı açıq mətnlə ondan çox fransız dənizaşırı
ərazisində həyata keçirilən məcburi assimilyasiya qarşı qəti
şəkildə etirazını bildirərək, bu vəziyyətə ən qısa zamanda son
qoymağın zəruri olduğunu bildirdi. Bu məsələnin mədəniyyətlərarası
dialoq üçün vacib olduğunu diqqət mərkəzinə çəkən Prezident İlham
Əliyev belə bir məqamla bağlı ikili standartların tətbiq edilməsinə
yol verilməyəcəyini vurğuladı”.





























