Advertisement

Ağdamdakı peşə hazırlığı kurslarına mediatur təşkil edilib (FOTO)

Ağdam. . Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin işğaldan azad
edilmiş ərazilərimizin sakinləri üçün Ağdam rayonunda təşkil olunan
peşə tədrisi prosesi ilə tanışlığı məqsədilə mediatur təşkil
edib.

Trend xəbər verir ki, jurnalistlərə həyata keçirilən aktiv
məşğulluq tədbirləri barədə məlumat verilib.

Bu tədbirlərin bir istiqaməti olaraq sakinlərin peşə
hazırlığının təşkili işlərinin də aparıldığı bildirilib.

Qeyd olunub ki, Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzinin
təşkil etdiyi kurslarda geniş profilli dəzgahçı peşəsi
öyrədilir.

İki ay davam edən kurslar nəzəri və praktiki təlimlərdən
ibarətdir. Təlimlərin praktiki hissəsini Türkiyədən dəvət olunmuş
peşəkar mütəxəssislər həyata keçirir.

Üç qrup üzrə təşkil edilən kurslara artıq 31 nəfər cəlb edilib.
Kursları uğurla bitirənlərin işlə təminatına da dəstək
göstərilir.

Media nümayəndələri kursları bitirib işlə təmin olunmuş
şəxslərdən bir qismi ilə də görüşüb, onların iş şəraiti ilə tanış
olublar.

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş, habelə bu il ərzində
köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər peşə
kurslarına müraciət etmək üçün DOST mərkəzlərinə, məşğulluq
filiallarına yaxınlaşaraq və ya sosial.gov.az saytındakı “Qarabağ
və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq
müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.