Advertisement

Paytaxtda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olunub

Bakı. Trend:

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının ötən gün
Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri
tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı
nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkar olunaraq
götürülüb.

Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin
əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən
mağazalardan birindən 73 ədəd soyuq silah hesab edilən bıçaq
aşkarlanıb.

Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın
Nərimanov və Xəzər rayonlarında da həyata keçirilib. Qeyd edilən
rayonların ərazisində yerləşən 4 mağazadan 126 ədəd insan
sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər
kəsici alətlər götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar
təyin olunub, araşdırmalar davam etdirilir.