
Bakı. Trend:
Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə
və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya
verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir
edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan
Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad Novruzov
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən
“İctimai proseslər media müstəvisində” mövzusunda Forum
çərçivəsində “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və
erkən nikah kimi həssas mövzuların mediada düzgen işıqlandırılması”
adlı panel sessiyada çıxışında deyib.
O qeyd edib ki, belə hallar yeniyetmələri təhsildən
yayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meylli edir,
bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə
qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.
Müşavir bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu sahədə
davamlı olaraq müvafiq işin aparılmasına, geniş marifləndirmə
tədbirlərinin təşkil edilməsinə baxmayaraq, erkən nikahlarla bağlı
vəziyyət ürəkaçan deyil.
“Belə ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə nikaha daxil
olmuş 18 yaşadək qızların sayı 137 nəfər olduğu halda, 2022-ci ildə
bu göstərici 270 nəfər təşkil edib. Eyni zamanda, 15-17 yaş
qruplarında olan analar tərəfindən diri doğulmuş uşaqların sayı
2021-ci ildə 1650 nəfər idisə, bu göstərici 2022-ci ildə 2011 nəfər
olub. Bu isə əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Bu
dinamikaya təsir edən əsas amillər kimi ailədə övladlara verilən
tərbiyə, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilində
mövcud olan boşluqlar və sair çıxış etsə də, sosial şəbəkələrin,
internet resurslarının və medianın buradakı rolu da danılmazdır”, –
deyə o əlavə edib.





























