
Cəbrayıl. Trend:
Səfərimiz çərçivəsində Azərbaycan tarixi barəsində çox şey
gördük.
Bunu Trend-ə
açıqlamasında Norveçin beynəlxalq səyahətçilərdən ibarət
“Vagaclub”un üzvü Tomas Kristoffersen deyib.
“Burada işğaldan azad edilmiş şəhərlərin, kəndlərin sürətli
bərpasını gördük. Azərbaycan bütün səylərini birləşdirərək, sürətli
şəkildə şəhərləri, kəndləri, infrastrukturu bərpa edir”, – deyə o
qeyd edib.
Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət
“Vagaclub”unun 30 nəfərlik geniş heyətinin mayın 2-dən Qarabağ və
Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35
yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu
dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki,
hamısı 150-dən çox ölkədə səfərdə olub.
Heyət 3 gün ərzində avtomobil yolu ilə
Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti
üzrə hərəkət edib.
Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər
şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu
klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər
Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”
heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura
səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,
4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli
“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.
Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq
səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq
imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan
Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.





























