
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsinin
qarşısının alınması məqsədilə sürücülərə müraciət edib.
Qurumdan Trend-ə verilən məlumatda bildirilib ki, müasir dövrdə
ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq
qalır.
“Atmosferin çirklənməsində şübhəsiz ki, nəqliyyat vasitələrinin
sayının gündən günə artmasının böyük təsiri var. Nəqliyyatın
müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli
miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir
göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.
Dünyada, eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri ilə
işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca
mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində
avtonəqliyyat vasitələrinin payı 80%-dir.
Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferə
il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona
yaxındır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin
sahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrinin
rəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdə
saxlamağa, ixrac qazlarının tərkibinin normalara
uyğunlaşdırılmasını təmin etməyə çağırır”, – məlumatda deyilir.





























