Advertisement

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə çağırış etdi

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar
əhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə bildirilib ki, Milli Hidrometeorologiya
Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində
güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli intensiv və
güclü yağış yağacağı, çaylarda sululuğun kəskin artacağı, bəzi
çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı
gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə
müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq
təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti
tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi
zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və
seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq
durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik
cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,
taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti,
ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür
ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer
seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri
qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.