Advertisement

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk
qalibləri mükafatlandırılıblar.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən
tədbirdə çoxnövçülük proqramında ilk 3 yeri tutan qrup hərəkətləri
üzrə komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da
təqdim olunub.

Bu növdə İsrail yığması birinci, İtaliya millisi ikinci pillədə
qərarlaşıb. Azərbaycanı təmsil edən Güllü Ağalarzadə, Kamilla
Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və
Zeynəb Hümmətovadan ibarət kollektiv isə bürünc medalın sahibi
olub.

Birinci yerin sahibinə 5000, ikinci yeri tutana 3500, üçüncü
pillədə qərarlaşan komandaya isə 2500 avro verilib.

Qaliblərə mükafatları Avropa Gimnastikasının Texniki Komitəsinin
prezidenti Evangeliya Trikomiti, Avropa Gimnastikasının Texniki
Komitəsinin vitse-prezidenti Yelena Aliprandi və eyni qurumun üzvü
Yevgeniya Vilyayeva təqdim ediblər.

Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40000
avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən
ümumilikdə 160 gimnast iştirak edir.