
Bakı. Trend:
Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə Azərbaycan
Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman
Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp”
təşkil olunub.
3-5 may tarixlərində keçiriləcən “camp”da AzMİU-nun Dizayn
fakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərin
tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə
proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara
(Dizayn sərgisi) qatılacaqlar.
Şəki Olimpiya İdman Kompleksində baş tutan “camp”ın ikinci
günündə panel müzakirələr və vörkşop təşkil olunub.
Panel müzakirələrinin spikerləri AzMİU-nun rektoru professor
Gülçöhrə Məmmədova və gənclər və idman nazirinin müavini İndira
Hacıyeva olub.
Gülçöhrə Məmmədova Azərbaycan memarlığı, dizayn mühitinin
formalaşdırılması, tarixi abidələrin mühafizəsi və digər əlaqəli
mövzularla bağlı danışıb.
İndira Hacıyeva çıxışında ölkəmizdə aparılan gənclər siyasəti,
bu siyasətin gənclərin fərdi və komanda şəkilində inkişafına müsbət
təsirindən danışıb.
Daha sonra Gülçöhrə Məmmədova və İndira Hacıyeva tələbələrin
suallarını cavablandırıblar.
Çıxışlardan və sualların cavablandırılmasından sonra AzMİU
tələbələrinin hazırladığı dizayn layihələrinin maketlərinə baxış
keçirilib. Tələbələr rektora və nazir müavininə layihələr haqqında
məlumat veriblər.
Qeyd edək ki, “camp”ın ilk günündə iştirakçılar ümummilli lider
Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət
edib, önünə gül dəstələri qoyublar. Daha sonra proqrama uyğun
olaraq iştirakçılar üçün master-klaslar və vörkşoplar təşkil
olunub. Dizayn fakültəsinin dekanı Fərid Kərimovun apardığı
master-klaslar “Bildiyimiz və Bilmədiyimiz memarlıq”, “İctimai
məkanda inklüzivlik tədbirlərinin keçirilməsi ilə müyəssər mühit
modelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatında
vörkşoplar “Müxtəlif həndəsi fiqurlardan hazırlanmış Abstrakt
installyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcək
binaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.
Campda, həmçinin, iştirakçılar ara fasilələr zamanı AzMİU Tələbə
Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə
oyunları oynayıb, idman növləri üzrə (futbol, tenis, voleybol,
üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətlə cəlb ediliblər.





























