Advertisement

Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirildi

Bakı. Trend:

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə bildirilib
ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci və 53-cü
maddələrinin, Mülki Məcəllənin 139-1.1.2-ci və 139-1.1.4-cü
maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və 8.0.4-cü maddələrinin
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis
Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis
mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək qərar
qəbul edib.

Qərarda deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası
Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş
hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul
etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair, habelə
əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı
üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata
keçirilməsi Milli Məclisə tövsiyə edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və
III hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 129-cu maddəsinin I
və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik
qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası
Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş
hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul
etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini
özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla
rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun
dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.