
Bakı. Trend:
Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2
güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü
olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini
dəyişməsi müşahidə edilib. Baş verən tac kütlə atılmaları kiçik
sürətə malik olduğundan mayın 9-da Yerin yaxınlığından keçəcəyi
proqnozlaşdırılır.
Trend-in
məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika
fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Məlumata əsasən, mayın 4-dən 6-dək Günəş aktivliyinin davam
edəcəyi üçün M (R1-R2 mülayim orta – radiorabitəni güclü
əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı
ehtimal olunur. Həmin günlər üçün Günəş küləyi parametrlərinin
artması və tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri
hiss olunacaq.
Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə
səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i
günün sonu və 6-sı saat 14:00-dək daha güclü geomaqnit
həyəcanlaşması hiss olunacaq.
Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam
edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn
yüksəksürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da
günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası
gözlənilir.





























