Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, mayın 5-də:
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən
fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün
əlavə tədris dili imtahanı;
4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında
müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə
müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış
imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX
sinif məzunları üçün buraxılış imtahanı keçirilir.
İmtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış
rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan
binasına buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.
Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd edilən
sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda
43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,
eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat
şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar
ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə
gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər
təyin edilib.
Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan
rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi
əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay,
Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan Muxtar Respublikasında
təşkil olunur.




























