Advertisement

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

Bakı. Trend:

4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının
açılışı keçirilib. Açılış mərasimində “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin
Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin
sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin
Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin –
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.

“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə öz
çıxışında qeyd deyib: “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil
olan İçərişəhərin Milli Xalça Festivalına ev sahibliyi etməsi heç
də təsadüfi deyil. İçərişəhər Qoruğu üçün Azərbaycanın qədim
milli-mədəni ənənələrinin, sənət nümunələrinin yaşadılmasına töhfə
vermək və bu istiqamətdə işlər görmək prioritet istiqamətlərdən
biridir. Bu baxımdan, UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri
siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin
İçərişəhərdə təşkil olunan Milli Xalça Festivalı vasitəsilə təşviqi
və yaşadılması önəmlidir.”

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov
çıxış edərkən deyib: “Bu gün Azərbaycan xalçaçıları üçün əlamətdar
gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə 5 may – “Xalçaçı günü”
peşə bayramı kimi qeyd edilməyə başlanıb və eyni zamanda 5 may
“Azərxalça” ASC təsis edildiyi gündür. Xalçaçı gününün rəsmi
səviyyədə qeyd olunması, Milli Xalça Festivalının təşkili
xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da
inkişaf etdirilməsində vacib rol oynayır.”

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun
icraçı direktoru Yusif Abdullayev çıxışında bildirib: “Azərbaycan
xalçaçılıq sənətini beynəlxalq səviyyədə təşviq etmək məqsədilə
AZPROMO mütəmadi olaraq sərgilər keçirir və bugünki Milli Xalça
Festivalı da həmin işə töhfədir. Azərbaycanın mədəni-irsinin
xalçalar vasitəsilə dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin
qonaqlarına xalça istehsalatımızı göstərmək vacibdir.”

Tədbirdə iştirak edən Milli Məclisin üzvləri, rəsmi qonaqlar,
mədəniyyət və incəsənət xadimləri ilə yanaşı festivalının digər
ziyarətçiləri açılış mərasimindən sonra Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevə həsr olunan “Dövlətin memarı. Bir
ömrün ensiklopediyası” triptix və “Heydər Əliyev 100” xalça
sərgilərini ziyarət ediblər. Həmçinin, xalçaçıların nümayiş
etdirdiyi xalça emalı prosesinin müxtəlif mərhələlərini maraqla
izlədikdən sonra, İçərişəhərdəki gül xalçası da daxil olmaqla,
digər sərgi məkanları ilə tanış olublar.

İki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq
sənətinə həsr edilən bir sıra tədbirlər keçirilməkdədir. Bura
qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv
sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və
uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv
teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı
daxildir. Festivalın ilk günündə İçərişəhərin sakinləri və
qonaqları üçün açıq səma altında film nümayişi təşkil olunub.

Qeyd edək ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar
Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.