Advertisement

Bu şəxslərə 1380 manat ödəniş edilir

Bakı. Trend:

Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də
cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan
şəxslərə ödənişin verilməsidir. Bu müavinətin qanunla təsbiq
edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdən
istifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azad
olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır.

Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və
sosial yardıma ehtiyacı olan şəxslərə verilir.

“Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən
müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə
növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar
müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş
həyata keçirilir.

Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli
məbləğindədir. Yəni, həmin şəxslərə 1380 manat ödənilir. Müraciət
kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin
surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin
arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət
məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad
edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını
rəsmilləşdirmək mümkündür.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən
ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul
edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə,
müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi
almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq
hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki
üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə
azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi
almaq hüququna malikdir”, – deyə V.Bayramov əlavə edib.