
Bakı. Trend:
Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə telekommunikasiya
operatorları tərəfindən telefon çəkilişi zamanı müqavilə
bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı
normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması,
eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətlərinin
göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin
tələb edilməsinə dair müraciətlər daxil olur.
Bu barədə Trend-ə Dövlət
Xidmətindən bildirilib.
Dövlət Xidməti xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı ilə
“Təbii inhisar subyektlərinin siyahısı” təsdiq edilib. Həmin siyahı
ilə rabitə xidmətləri göstərən təbii inhisar subyektləri də müəyyən
edilib.
Qüvvədə olan “Təbii inhisarlar haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, təbii inhisar subyektləri təbii
inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq)
imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair
müqavilə bağlamaqdan imtina edə bilməzlər.
Eyni zamanda bildiririk ki, rabitə sahəsində xidmətlərin
qiymətləri dövlət tərəfindən tənzimlənir. Tarif (qiymət) Şurasının
müvafiq Qərarına əsasən, telekommunikasiya operatorlarının telefon
çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və
şəbəkəyə qoşulma daxil olmaqla) 30 manat təsdiq edilib. Bundan
əlavə, Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, ölkə
daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz)
telefonlarından istifadəyə görə aylıq abunə haqları əhali
istehlakçı qrupu üzrə 3,5 manat, qeyri-əhali istehlakçı qrupu üzrə
7 manat, sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz)
telefonlarından həyata keçirilən şəhərlərarası telefon
danışıqlarının tarifi 3 qəpik/dəqiqə müəyyən edilib.
Məlumat üçün qeyd edək ki, cari ilin 1 iyul tarixində qüvvəyə
minəcək Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində də ümumi
istifadədə olan telefon rabitəsi xidmətləri təbii inhisar fəaliyyət
sahələrinə aid edilib. Rəqabət Məcəlləsinə əsasən, təbii inhisar
fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda
müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan
əsassız olaraq imtina etmək, məhsulların istehsalı (satışı), habelə
təbii inhisar subyektinin şəbəkələrinə qoşulma ilə əlaqədar
müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan
fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii
inhisar subyektlərinə qadağan edilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçılar
telekommunikasiya operatorları tərəfindən telefon çəkilişi zamanı
müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma
zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin
qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi
xidmətlərinin göstərilməsi zamanı müəyyən edilmiş tariflərdən əlavə
ödənişlərin tələb edilməsi halları ilə qarşılaşdıqları zaman
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa
ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif)
elektron poçt ([email protected]) və 195-1-4 Çağrı
Mərkəzi vasitəsilə müraciət edə bilərlər.





























