Advertisement

Səudiyyəli turistləri Azərbaycana rahatlıq axtarışı gətirir – Bəs biz bu ölkəyə ən çox niyə gedirik?

Bakı. Trend:

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı sıx
əlaqələr mövcuddur. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı
Krallığındakı səfirliyi Ər-Riyad şəhərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında turizm əlaqələrinin
böyük potensialı var. Hər iki ölkənin zəngin mədəniyyəti, tarixi və
turizm imkanları var. Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı
hava yolu bağlantıları artırılsa, turizm səyahətləri və iqtisadi
əlaqələr inkişaf edə bilər. Azərbaycanın Bakı şəhəri turizm
mərkəzləri, tətil məkanları, tarixi və mədəni məkanlar Səudiyyə
Ərəbistanından gələn səyahətçilər üçün maraqlıdır. Regionlarımız da
Səudiyyə Ərəbistanından gələn turistlər üçün cazibədardır.

Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Ayxan Cavid
Trend-ə bildirib ki, Səudiyyə Ərəbistanından
Azərbaycana gələn turistlərin sayı son illərdə artmaqdadır.

“Bu, iki ölkə arasındakı turizm əlaqələrinin inkişaf etdiyini
göstərir. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin bir
hissəsi Bakı şəhərini ziyarət edir, tarixi və mədəni məkanları
görür, restoranlar və alış-veriş imkanlarından istifadə edir. Bu
turistlər həm tətil məqsədilə gəlir, həm də iş və tibbi səbəblərlə
də Azərbaycanda vaxt keçirir. Səfalı bölgələrimizə də çox üz
tuturlar.

Əlbəttə ki, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlər
komfortu sevirlər. Turistlərin komfortu, rahatlığı və məmnuniyyəti
turizm sənayesinin əsas elementlərindən biridir. Azərbaycan bu
sahədə çeşitli imkanlar təklif edir. Yüksək keyfiyyətli və rahatlıq
təmin edən hotellər, restoranlar, digər qonaqlama və yemək
imkanları mövcuddur. Bakı və digər bölgələrdəki beşulduzlu, eləcə
də, butik hotellər turistlər üçün lüks və rahat bir məkan təmin
edir. Turistlərin istifadəsində çoxsaylı nəqliyyat xidmətləri,
turlar və rekreasiya imkanları da var. Digər tərəfdən, Səudiyyə
Ərəbistanı vətəndaşlarına “Asan viza” sisteminə uyğun olaraq ölkədə
30 gün qalmaq icazəsi ilə hava limanlarında viza verilir. Bu da
Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının
artmasına təsir göstərir. Turizm mərkəzləri də turistlərin
rahatlığına diqqət yetirir və keyfiyyətli xidmətlər təklif
edir”.

Ekspert bildirib ki, azərbaycanlıların ən çox üz tutduğu
ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır.

“Səudiyyə Ərəbistanı Azərbaycan turistləri üçün dini və mədəni
məkanlar, alış-veriş imkanları və fərqli tətil imkanları təklif
edir. Həmçinin, Səudiyyə Ərəbistanı İslam Dövlətləri Əməkdaşlıq
Təşkilatı (İDƏT) üzvü olduğu üçün İslam mədəniyyətinin mərkəzində
olan bir ölkədir.

Xalqlarımızı birləşdirən çox mühüm cəhətlərdən biri də hər iki
ölkənin əhalisinin islam dininə olan inancıdır. Azərbaycanlı
turistlər Səudiyyə Ərəbistanında ən çox Məkkə və Mədinə kimi
yerləri ziyarət edir.

2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı elektron viza
sistemini genişləndirərək, Azərbaycan vətəndaşlarına da elektron
viza alaraq Səudiyyə Ərəbistanına səfər etmək imkanı yaradıb. Qonaq
viza il boyu etibarlı sayılır və 90 günə qədər Səudiyyə
Ərəbistanında qalmaq şansı yaradır. Bu qayda Ümrə ziyarətinə də
şamil edilir. Bu da ölkəmizdən Səudiyyə Ərəbistanına gedən turist
sayında nəzərəçarpacaq artım yaradıb. Əvvəlki illərlə müqayisədə,
Həcc ziyarəti üçün kvota artıb”, – deyə o qeyd edib.

Azərbaycan Turizm Bürosunun açıqladığı məlumatlarda qeyd olunub
ki, statistik hesabatlar bu ölkədən Azərbaycana gələn turistlərin
sayında artım müşahidə olunduğunu göstərir. Səudiyyə Ərəbistanından
gələn turistlərin ən yüksək nisbəti iyul və avqust aylarında
müşahidə olunur. Ziyarətçilər Ər-Riyad, Ciddə, Damman şəhərlərindən
birbaşa uçmaq imkanına malikdir. Ölkəmizdə ən çox ziyarət etdikləri
yerlər arasında Bakı, Qəbələ, Şəki və Qubadır. Səudiyyəli turistin
orta səyahət müddəti 10-13 gün, qısamüddətli səyahət orta hesabla
3-4 gecədir.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanından ölkəmizə 80 mindən
çox turist gəlib.