Advertisement

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qızıl sikkə
kolleksiyaları Böyük Britaniyada hər il may ayında təşkil edilən
ənənəvi “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində nümayiş olunub.
Berkşir qraflığının Vindzor şəhərində yerləşən eyniadlı tarixi
qəsrin ərazisində keçirilən tədbirdə Heydər Əliyev Fondunun
dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının
təşkilatçılığı ilə ölkəmizin zəngin mədəni irsi təbliğ olunub.

Tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycan günü”ndə
tariximiz, mədəniyyətimiz və müxtəlif sənət növlərini özündə
tərənnüm edən “Azerbaijan Cultural” pavilyonunda “AzerGold” QSC-nin
qızıl və gümüş kolleksiyaları da sərgilənib.

Qızıl və gümüş məhsulları milli guşəni ziyarət edən Böyük
Britaniya vətəndaşları, eləcə də müxtəlif ölkələrdən gəlmiş
qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi ziyarətçilərinə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü
münasibətilə “Smartminting” texnologiyası əsasında 3D formatında
istehsal edilmiş “100 il və onun fövqündə bir irs” unikal qızıl
sikkəsi, Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim
ənənələrini təbliğ edən “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası:
Çələbi”, “Qobustan”, həmçinin “Qarabağ inciləri”, “Şuşa”, “Uzun
Həsən” və digər qiymətli məhsullar barədə ətraflı məlumat verilib,
ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Vindzor Kral Atçılıq Şousu və onun çərçivəsində
təşkil edilmiş tədbirlərə 30 000-dən çox tamaşaçı qatılıb.