Advertisement

COP29 tədbirinə ayrılan xəstəxanalar AÇIQLANDI

Bakı. Trend:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29),
Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris
Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə
əlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupu
yaradılıb.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, “COP 29″un keçiriləcəyi
məkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibb
məntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyət
göstərəcək.

Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardım
briqadasının xidmət göstərməsi planlaşdırılır.

Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayının
məskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardım
briqadaları fəaliyyət göstərəcək.

Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə Mərkəzi
Neftçilər Xəstəxanası və Yeni Klinika ixtisaslı tibbi xidmətin
göstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında
ümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi də
yaradılacaq. Yeni Klinikada isə stasionar xidmət üçün 550 çarpayı
nəzərdə tutulub.

Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalı
nəzərə alınaraq Məhəmmədi, Bilgəh və Kliniki Tibbi Mərkəzin
nəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurət
üçün uyğunlaşdırılıb.