
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı
tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra
dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr
hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil
olunub.
Bu barədə Trend-ə DTX-dən bildirilib.
Qeyd edilib ki, yürüş iştirakçıları mürəkkəb relyef və sərt
iqlim şəraitində qabaqcadan müəyyən olunmuş marşrut üzrə
hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər
zirvəsi”nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi
şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra
orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, DTX-nin
adı və emblemi əks olunan plakatı yerləşdiriblər.





























