
Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə
Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondu (Fond)
arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum
imzalanıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, memorandumu
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Fondun icraçı
direktoru Zoxid Ermatov imzalayıblar.
Bildirilib ki, memorandum iki qurum arasında tərəfdaşlıq
münasibətlərinin, səmərəli və qarşılıqlı əməkdaşlığın qurulmasını
ehtiva edir. Memorandum çərçivəsində icbari tibbi sığorta
sisteminin təkmilləşdirilməsi üzrə birgə tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub.
Sənəd əsasında tərəflər arasında tibbi yardımın keyfiyyətinə
nəzarət metodlarının, güzəştli dərman təminatının, maliyyə
mexanizmlərinin, informasiya texnologiyalarının və icbari tibbi
sığorta çərçivəsində digər fəaliyyət növlərinin tətbiqi üzrə
təcrübə mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələlər
üzərində çalışmaq, birlikdə müxtəlif fəaliyyətlər yerinə yetirmək
barədə razılaşma əldə edilib.
“Özbəkistanda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə
bir neçə regionda həyata keçirilir. 2025-ci ildən isə icbari tibbi
sığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub”,
– məlumatda qeyd olunub.





























