
Bakı. Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin
sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq
proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov
ilə növbəti görüşünü keçirib.
Görüşdə müsabiqə qalibi ilə ölkəmizin dağ-mədən sənayesinin
dayanıqlı inkişafına töhfə verilməsi məqsədilə “AzerGold” QSC-nin
2035-ci ilədək olan dövr üzrə hazırlanmış inkişaf strategiyası
müzakirə edilib. İdarə Heyətinin sədri strategiyanın
formalaşdırılması, idarə edilməsinin üsul və qaydaları haqqında
müsabiqə qalibini məlumatlandırılıb, investisiya layihələrinin
icrası istiqamətində təcrübə əsaslı tövsiyələrini verib.
Görüşdə, həmçinin Z.İbrahimov müsabiqə qalibinə 1 illik fərdi
inkişaf planına uyğun olaraq qızılın dünya bazarındakı
qiymətlərinin analizi, bazar qiymətlərinin dəyişim dinamikası və
trendlərinin araşdırılmasına dair tapşırıqlarını verib. Daha sonra
qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi
aparılıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla
təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik
təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının
vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat,
onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə
qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html )
tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat
məbləğində özünüinkişaf qrantı əldə edirlər. Qeyd edək ki, sayca
4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il
tarixində Sərəncam imzalanıb.





























