Advertisement

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media
Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu
Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar
jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə
verilib.

“Eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi
müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media
sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə
mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin
təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün
əlçatanlığının təmin olunmasıdır.

Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla
Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris
olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq
özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən
iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət”
sertifikatı əldə edir.

Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan
kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana
biləcəklər.

Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən
şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq,
öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif
edir.

Əlavə məlumat üçün:

Email: [email protected]

Telefon: (012) 526-16-16

(994) 55-362-90-95