Bakı. Trend:
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil
müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil
haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə əsasən, aşağıda qeyd edilən şəxslərin təhsil haqqı
dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili
müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan
şəxslər;
– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili
müəssisələrində təhsil alan şəhid ailəsinin üzvləri;
– dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili
müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə
“Müharibə veteranı” adı almış şəxslər;
– dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili
müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz
pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş
şəxslər və peşə təhsili müəssisələrində təhsil alan əlilliyi olan
şəxslər,
– dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili
müəssisələrində təhsil alan Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi
ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının
azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi
əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan
edilən vətəndaşların uşaqları;
– dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının
vətəndaşları;
– peşə təhsili müəssisəsində təhsil alan 20 yaşına çatmamış və
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan
aşağı olan şəxslər;
– peşə təhsili müəssisələrində təhsil alan köçürülmə günü ana
bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə
zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək
yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və
Çernobil AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı
olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa
radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin
birindən olan uşaqlar.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün
keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik müzakirəyə
çıxarılıb. Qanun layihəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan bir
sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil
aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına
ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi
məqsədilə hazırlanmışdır. Layihəyə əsasən “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununda 14.8-1-ci maddənin yeni
redaksiyada verilməsi və mövcud qanunvericilikdə nəzərdə tutulan
təhsil xərcləri ilə bağlı azadolmaların, o cümlədən bir sıra yeni
imtiyazların qeyd edilən maddəyə əlavə edilməsi təklif olunur.
Belə ki, yeni imtiyaz olaraq özəl ali, orta ixtisas və peşə
təhsili müəssisələrində şəhid ailəsinin üzvlərinin, peşə təhsili
müəssisələrində “Müharibə veteranı” adı almış şəxslərin, özəl peşə
təhsili müəssisələrində isə əlilliyi olan şəxslərin, 20 yaşına
çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə
əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış
minimumundan aşağı olan şəxslərin ödənişli əsaslarla təhsil
aldıqları müddətdə təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti
hesabına ödənilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.




























