
Bakı. Trend:
Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən
sahibkarlar və digər maraqlı tərəflər məcmuə ilə KOBİA-nın
saytından tanış ola bilərlər.
Ölkəmizdə ekoloji, sosial və korporativ idarəetmə (ESG)
prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə
2023-cü il üçün Yol Xəritəsi çərçivəsində ESG-yə dair müxtəlif
məsələlər üzrə məlumatların toplandığı məcmuə hazırlanıb.
Məcmuədə ESG üzrə ölkəmizin beynəlxalq öhdəlik və vəzifələri,
qanunvericilik bazası, statistik məlumatlar, qiymətləndirmə
metodologiyaları, hesabatlıq standartları və digər məsələlər öz
əksini tapıb.
Biznesində ESG prinsiplərini tətbiq etmək istəyən sahibkarlar və
digər maraqlı tərəflər məcmuə ilə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) www.smb.gov.az saytından tanış ola
bilərlər (https://smb.gov.az/storage/ESGMecmue2024.pdf).
Qeyd edək ki, ESG-nin əsas elementlərindən biri olan “yaşıl
iqtisadiyyat”a transformasiya KOB-lar üçün faydalıdır. Belə ki, ESG
prinsiplərinin müəssisələrdə tətbiqi ətraf mühitinin mühafizəsinə
xidmət etməklə yanaşı, səmərəli və qənaətli texnologiyaların
tətbiqi, eləcə də yaşıl innovasiyaların biznes proseslərinə
inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına,
məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin
artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf
mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl
məhsulların istehsalı biznesin ixrac potensialının və maliyyə
resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Bu gün
beynəlxalq investorlar sərmayə ilə bağlı qərarlar verən zaman yaşıl
məsələləri də özündə ehtiva edən ESG prinsiplərinə üstünlük
verirlər.
Azərbaycanda ESG prinsiplərinin daha geniş şəkildə təşviq
edilməsi, bu istiqamətdə dövlət və özəl sektorun səylərinin
birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata
keçirilməsinin təmin edilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti
və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə,
investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun
“Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə
altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun
tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın
qurum və təşkilatın nümayəndələri daxildir. ESG sahəsində sistemli
fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr
üçün Strateji Baxış formalaşdırılıb və Yol Xəritəsi təsdiq
edilib.





























