
Bakı. Trend:
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımovun cəsədinin
qalıqları mayın 7-də Xaçmazda dəfn olunub.
Trend xəbər verir ki, 1994-cü ilin fevral ayında Füzulidə
şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən 30 il sonra
doğma yurdunda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz Rayon
İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə
orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və kənd
sakinləri iştirak ediblər.
Qayımov Elşad Şirin oğlu 8 yanvar 1974-cü ildə Xaçmaz rayonunun
Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə
yollanıb. Birinci Qarabağ müharibəsində Füzuli rayonunun yaşayış
məntəqələri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü
ildə valideynlərinə Elşadın yaralandığı barədə məlumat verilib.
Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər
ala bilməyiblər. Sonradan şəhid olduğu müəyyənləşsə də, dəfn
edildiyi yer barədə məlumat yox idi.
Aparılan araşdırmalardan sonra Elşad Qayımovun Beyləqan
rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında
naməlum şəhid kimi basdırıldığı müəyyənləşib.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza
və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər
güllər düzülüb, əklil qoyulub.





























