Bakı. Trend:
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı
keçirilmiş tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda
ünvan qeydiyyatına alınmadan və viza müddətindən artıq (qanunsuz)
yaşayan 6 əcnəbi saxlanılıb.
Xidmətdən Trend-ə verilən xəbərə görə, həmin şəxslərin xaricdə
turizm xidmətləri göstərən həmvətənləri tərəfindən 1000-1800 dollar
qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə aldadaraq ölkə
ərazisinə gəlmələrinin təşkil olunması müəyyən edilib.
Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində
əyani təhsil alan digər həmvətənləri tərəfindən qarşılanaraq
müxtəlif ünvanlarda yerləşdirilib. Onlardan 3 nəfərin iş icazəsi
əldə edilmədən tikinti işlərinə cəlb olunduğu, digər 3 nəfərin isə
iş icazəsi almaq vədi ilə aldadılaraq pasportlarının alındığı,
şikayət edəcəkləri təqdirdə, həbs olunacaqlarına dair təhdid
edildiyi müəyyən edilib. Aşkar edilən hallarla bağlı materiallar
hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına
göndərilib.
Ümumilikdə, 2024-cü ilin aprel ayı ərzində qanunsuz miqrasiyaya
qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti
tərəfindən 785 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və
yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə
gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul
olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat
ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.
Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 202 əcnəbi
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə
məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının
qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.
Eyni zamanda, ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və
digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 1598 inzibati qərar
qəbul edilib.





























