Advertisement

Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti saxta kampaniyalar ilə bağlı müraciət edib

Bakı. Trend:

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən
Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından
saxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılan saxta
hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul
verdiyi bildirilir.

Trend-in
məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin
birgə məlumat yayıb.

Bildirilib ki, vəsaitin alınması məqsədi ilə istifadəçilərə
saxta “Telegram” kanalına daxil olmaq təklif olunaraq
istifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla da
vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar
tərəfindən oğurlanır.

Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə
vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı
qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla
qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud
qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi
tövsiyə edir.