Advertisement

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” İşçi qrupunun iclası keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 8-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın Katibliyinin və Dövlət Turizm Agentliyinin
təşkilatçılığı ilə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun
geniş tərkibdə iclası keçirilib.

Trend xəbər verir ki, iclasda çıxış edən Komissiyanın
Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, turizm sektorunda
aparılan mühüm işlərə töhfə verilməsi məqsədilə Dövlət Turizm
Agentliyinin təşəbbüsü ilə 2022-ci ilin oktyabr ayında Komissiyanın
tərkibində “Turizmin inkişafı” işçi qrupu yaradılıb. Agentliyin
rəhbərlik etdiyi işçi qrupun üzvlərinin ümumi sayı 40-a yaxındır və
onlardan 12-si bilavasitə turizm sektorunda aparıcı olan özəl
şirkətlərin və otellərin təmsilçiləridir.

İşçi qrupun mandatı və fəaliyyət sahəsinin Dünya İqtisadi Forumu
tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksinə
fokuslandığını və bu indeksə əsasən həm region ölkələri ilə
müqayisədə, həm də ümumi orta göstəricilərə nəzərən təhlükəsizlik,
səyahət və turizmin prioritetləşdirilməsi, hava nəqliyyatı
infrastrukturu, turistlərə xidmət infrastrukturu və təbii resurslar
baxımından ölkəmizin kifayət qədər potensialının olduğunu
vurğulayan V.Şıxəliyev əlavə edib ki, ölkəmizin turizm
potensialının beynəlxalq indekslər və bençmarklarla müqayisəli
təhlilinin aparılması və bu sahədə təşəbbüslərin həyata keçirilməsi
olduqca müsbət nəticələr verir.

Katibliyin rəhbəri qeyd edib ki, “Turizmin inkişafı” işçi
qrupunun tərkibində turizm üzrə aparıcı özəl sektor təmsilçilərinin
iştirakı və aidiyyəti dövlət qurumları ilə birlikdə eyni platforma
əsasında məqsədyönlü və koordinasiyalı tədbirlərin həyata
keçirilməsi vahid sinerjinin yaradılması ilə inklüzivliyi daha da
artırır. Məhz çevik institusional çərçivə əsasında konstruktiv
əməkdaşlığın nəticəsidir ki, işçi qrupun Fəaliyyət Planı 14 əsas
blok üzrə 75 tədbirin icrasını əhatə etmişdir.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri, Komissiyanın
“Turizmin inkişafı” işçi qrupunun rəhbəri Kənan Qasımov çıxış
edərək bildirib ki, işçi qrupun təşkilati aktivliyi fonunda ötən
dövrdəki fəaliyyətinə diqqət yetirsək, xeyli sayda geniş iclasların
və tematik görüşlərin keçirildiyini müşahidə edə bilərik. O qeyd
edib ki, Fəaliyyət Planının uğurla icrası bu sahəyə dair müsbət və
davamlı layihələrin həyata keçirilməsinə geniş imkanlar
yaradır.

Tədbirdə turizm sektoruna dair aktual mövzular, o cümlədən
Səyahət və Turizmin İnkişafı İndeksinin avtomobil icarəsi üzrə
böyük şirkətlərin mövcudluğu, qısamüddətli kirayələrin sayı,
rəqabətli turizm xidmətləri və digər alt-indekslərinə dair
müzakirələr və fikir mübadiləsi aparılıb, bu sahədə əldə olunan
nailiyyətlər, müasir çağırışlar, eləcə də işçi qrupun növbəti dövr
üzrə inkişaf prioritetləri və digər təşkilati məsələlər geniş
müzakirə olunub.