Advertisement

Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Bakı. Trend:

9 May – Faşizm üzərində Qələbə Günündə paytaxtın Zərifə Əliyeva
(Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan
Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin
hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, sözügedən küçələrdəki binalarda yaşayan
sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə
əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi
parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu
şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə
buraxılır.

Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər
prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev
küçələrindən təmin olunur.