
Bakı. Trend:
Təhlükəli atmosfer hadisələri ilə bağlı xəbərdarlıqların tərtib
edilməsi və ötürülməsində rəng şkalasına keçidin əhəmiyyəti
açıqlanıb.
Trend-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin
rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib
ki, son dövrlər qlobal miqyasda müşahidə olunan iqlim dəyişmələri
ölkəmizin ərazisinə də təsirsiz ötüşməyib.
“İqlim dəyişmələri əsasən havanın temperaturunun yüksəlməsi,
yağıntıların azalması, xüsusilə də təhlükəli hidrometeoroloji
hadisələrin intensivliyinin artması ilə özünü göstərir. Bu da,
qlobal miqyasda iqlim dəyişmələrinin, eləcə də təhlükəli atmosfer
hadisələrinin baş verə biləcək fəsadlarının əvvəlcədən müəyyən
edilərək əhaliyə və aidiyyəti qurumlara çatdırılması sisteminin,
yəni erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsini ön plana
çəkir.
Bu məqsədlə MHX-də müasir müşahidə sistemləri tətbiq olunur,
müşahidə şəbəkəsi modernləşdirilir. Belə ki, 2020-ci ildən etibarən
son 3-4 il ərzində müşahidə şəbəkəmizdə 40 dəst avtomat hidroloji,
17 dəst avtomat meteoroloji, 4 dəst avtomat okeanoloji stansiya
alınaraq quraşdırılmış, 2 dəst radiozond sistemi və 2 dəst dopler
hava radarı istifadəyə verilib.
Nəzərinizə çatdırım ki, gözlənilən təhlükəli atmosfer hadisələri
barədə xəbərdarlıqlar Milli Hidrometeorologiya Xidmətində tərtib
edilir və müvafiq dövlət və özəl qurumlara eləcə də əhaliyə
çatdırılır.
Çoxillik müşahidələrimizin nəticələri göstərir ki,
respublikamızın ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer
prosesləri güclü küləklər, qasırğalar hesab olunur. Belə güclü
küləklər əsasən Bakıda və Abşeron yarımadasında, xüsusilə də Xəzər
dənizinin Azərbaycan Respublikasına aid hissəsində müşahidə
olunur.
Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 m/saniyəyə
çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat
sahələrinə zərər vurmaqla yanaşı insan tələfatına da səbəb
olub.
Mütəxəsislərimiz tərəfindən təhlükəli atmosfer hadisələrinin,
xüsusilə də güclü fırtınalara və qasırğalara səbəb olan atmosfer
prosesləri barədə xəbərdarlıqların tərtib edilməsi və ötürülməsi
ilə bağlı inkişaf etmiş Avropa ölkələrinin, eləcə də Türkiyə
Respublikasının təcrübəsi öyrənilmişlər. Bununla əlaqədar 2023-cü
ilin dekabrında aidiyyəti mütəxəssislərimizin iştirakı ilə Türkiyə
Respublikasının paytaxtı Ankara şəhərinə səfər təşkil olunmuş,
erkən xəbərdarlıqların tərtib edilməsi və aidiyyəti üzrə
çatdırılması ilə bağlı türkiyəli həmkarlarla müzakirələr
aparılıb.
Səfər çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət
və fövqəladə halların idarə edilməsi idarəsində (AFAD) görüş
keçirilib, xəbərdarlıqların rəng şkalası üzrə tərtib edilməsi
təcrübəsi öyrənilib. Həmçinin, Avropada geniş istifadə olunan və 38
Avropa dövlətinin qoşulduğu “Meteo alarm” sistemində
xəbərdarlıqların rəng şkalası üzrə verilmə metodikası təhlil
edilmişdir (https://www.meteoalarm.org/en/live/).
Əksər Avropa ölkələrində təhlükəli atmosfer hadisələri “Rəng
Xəbərdarlıq Sistemi” üzrə aşağıdakı kimi təsnifatlandırılır.
İlkin mərhələdə fırtına və qasırğalara səbəb olan güclü küləklər
barədə xəbərdarlıqların rəng şkalasına uyğun tərtib edilməsi
nəzərdə tutulur. Tərtib olunan xəbərdarlıqların hansı rəng
sisteminə aid olmasının müəyyənləşdirilməsi məqsədilə
mütəxəssislərimiz Respublikanın ayrı-ayrı bölgələrinin, həmiçinin
Xəzər dəniz akvatoriyasının iqlim şəraiti və relyefi nəzərə
alınaraq “Boford” şkalası üzrə qiymətləndirilməsi aparılıblar.
Beaufort (Bofort) şkalası 1963-cü ildə Beynəlxalq Meteorologiya
Təşkilatı (indiki ÜMT) tərəfindən qəbul edilib.
Qeyd edək ki, əksər meteoroloji parametrlərdə olduğu kimi, küləyin
sürətinin də təhlükəli həddi əraziyə uyğun olaraq
müəyyənləşdirilir. Respublikamızın rayonları üçün (Abşeron
yarımadası və dəniz akvatoriyası istisna olmaqla) sarı
xəbərdarlıqlar – küləyin sürətinin 7-8 bala, narıncı xəbərdarlıq –
küləyin sürətinin 9-10 bala, qırmızı xəbərdarlıq isə – küləyin
sürətinin 11-12 bala çatacağı halda tərtib olunacaq.
Bakı şəhəri, Abşeron rayonu və dəniz akvatoriyasında isə güclü
küləklərin tez-tez təkrarlandığını nəzərə alaraq, sarı
xəbərdarlıqlar – küləyin sürətinin 8-9 bala, narıncı xəbərdarlıq –
küləyin sürətinin 10-11 bala, qırmızı xəbərdarlıq isə – küləyin
sürətinin 12 bala çatacağı halda veriləcəkdir. Müsbət münasibət
bildiriləcəyi təqdirdə proqnozlaşdırılan hava hadisələri ilə bağlı
xəbərdarlıqlar rəng sistemi üzrə tərtib ediləcək və MHX-nin
internet saytında (www.meteo.az) saytında yerləşdiriləcək.
Təhlükəli küləlkərlə bağlı xəbərdarlıqlar rəng şkalası üzrə
interaktiv xəritə üzərində veriləcək. Xəritə Xidmətin internet
saytında yerləşdiriləcək və mütəmadi olaraq yenilənməsi təmin
olunacaq. Türkiyə təcrübəsinə uyğun olaraq, şəlakətli hava şəraiti
olan və maksimal sürəti təhlükəli həddə çatmayan küləkli ərazilər
xəritədə açıq yaşıl rənglə, sürəti 8-9 bala çatan küləkli ərazilər
sarı, küləklərin sürəti 10-11 bal intervalında olan ərazilər
narıncı, maksimal sürəti 12 ballıq şkala ilə maksimuma çatan
qasırğaların gözlənildiyi ərazilər isə qırmızı rəngdə
göstəriləcək”, – o qeyd edib.





























