
Bakı. Trend:
Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı
ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə
həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Elm və Təhsil
Nazirliyi Həmkarlar ittifaqı komitəsinin sədri Elnur Əliyev, ali
təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar
iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində
respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən
kənd təsərrüfatı və sənaye sahəsinin inkişafında xidmətlərindən,
elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin
ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün
göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və
incəsənət xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı
bacaran Azərbaycanı formalaşdırmasından danışılıb. Həmçinin
Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından,
xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun
müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham
Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən
bəhs olunub.
Ardınca konsertdə ali təhsil müəssisələrinin tələbələrinin
ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər
səsləndirilib.
Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika
üzrə 26 ali təhsil müəssisəsi qatılıb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı
2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi
tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə,
milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların
bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin
tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək
göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri
üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin
inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda
festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin
tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə
gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara
meylinin qarşısını almağa yönəldilib.





























