Bakı. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəfərov
Müşfiq İlyas oğlunun meyitinin qalıqları Lənkərana gətirilib. O,
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər”
qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.
Trend xəbər verir ki, şəhidin nəşi rayonun Monidigah kəndində
ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.
Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,
eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının
əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd
qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Cəfərov Müşfiq İlyas oğlu 1994-cü il yanvarın
26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən
döyüşlərdə itkin düşmüş sayılırdı.





























