Advertisement

UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümün həsr olunan
tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə
gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsinə
ehtiramlarını ifadə ediblər. Sonra UNEC Dizayn Məktəbinin
tələbələrinin Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri rəsm
əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər
Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

UNEC-in rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq,
şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq
gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və
dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb.
Müstəqilliyin ilk illərində Azərbaycanı ağır iqtisadi durumdan
çıxaran Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasətinin fəlsəfəsi
haqqında fikirlərini iştirakçıların diqqətinə çatdırıb.

YAP Ağsaqqallar Şurasının üzvü, AMEA-nın müxbir üzvü, AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir
Mərdanov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevlə bağlı
maraqlı xatirələrini bölüşüb.

Millət vəkili, YAP İdarə heyətinin üzvü professor Hikmət
Babaoğlu Heydər Əliyevin liderlik missiyasından, dünya şöhrətli
siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən bəhs
edib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev isə Ümummilli
Liderin siyasi fəaliyyətinə nəzər salaraq, Heydər Əliyev zirvəsinin
gənclər tərəfindən daim araşdırılmasının əhəmiyyətindən
danışıb.

Tədbirin bədii hissəsində UNEC Yaradıcılıq Mərkəzinin tələbələri
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbir Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən
videoçarxın nümayişi ilə davam edib.