Advertisement

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Bakı. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Musayev
İbad Musarza oğlunun meyitinin qalıqları Lənkəran rayonuna
gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən
“Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn
edilmişdi.

Trend xəbər verir ki, şəhidin nəşi rayonun Şağlasər kəndində
ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər,
eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının
əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd
qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Musayev İbad Musarza oğlu 1994-cü il yanvarın
26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən
döyüşlərdə itkin düşmüş sayılırdı.