Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə Zaqatala
Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə bağlı müraciət
daxil olandan dərhal sonra Agentlik əməkdaşları əraziyə ezam
edilib.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat
verilib.
Bildirilib ki, zərərçəkənlərin ifadələri əsasında qida
məhsulunun istehsal olunduğu iaşə müəssisəsinə (“Şef Dönər”) baxış
keçirilib.
“Müayinələrin aparılması üçün məhsullardan və qida ilə təmasda
olan səthlərdən nümunələr götürülərək Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim
olunub.
İlkin araşdırma zamanı çiy dönərin müəssisənin daxilində
hazırlandığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun
olaraq dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Obyektlə bağlı
digər nəzarət tədbirləri aparılmaqdadır. Araşdırma nəticəsində
müəyyən edilib ki, zəhərlənməyə səbəb dönərlərin hazırlanması (o
cümlədən çiy dönərlərin hazırlanması) və istehlakçılara təqdim
edilməsi zamanı ciddi sanitar-gigiyenik pozuntulara yol verilməsi
və ikincili çirklənməyə səbəb olmasıdır.
Əlavə olaraq bildiririk ki, Agentlik tərəfindən qeyd edilən
ünvanda aparılan monitorinqlər zamanı toyuq dönərində E.Coli aşkar
edildiyi üçün 2023-cü il 14 dekabr tarixində “Şef Dönər” ictimai
iaşə müəssisəsində plandankənar yoxlama keçirilib, aşkarlanmış
uyğunsuzluqların aradan qaldırılması istiqamətində icrası məcburi
göstərişlər verilib, müəssisənin sahibinə cərimə tətbiq edilib.
Qeyd edək ki, 2024-cü ilin ötən dövründə Agentlik tərəfindən 58
dönərxanada yoxlama aparılıb. Yoxlamalar zamanı 18 dönərxanada
sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan obyektlərin fəaliyyəti ilə bağlı müvafiq
məhdudlaşdırıcı qərarlar qəbul edilib”, – qurumdan vurğulanıb.
Xatırladaq ki, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş
verib. Ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən
zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım
şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.





























