
Bakı. Trend:
Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək, bu barədə
İran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədilə növbəti əməliyyat keçirib.
Tədbir zamanı Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olunmuş
Mirdamət Ağayev saxlanılıblar. Onlardan tərkibi psixotrop
maddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuana
aşkarlanıb.
M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanış
olduqları İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Qaradağ
rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxt ərazisində
müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə
məlumat verməli imişlər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.





























