Advertisement

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi
münasibətilə Kuba Xalqlar Dostluğu İnstitutunda Azərbaycanın
Kubadakı səfirliyinin təşkilatçılığı ilə Ulu Öndərin həyat və
yaradıcılığına həsr edilmiş akademik tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, moderator qismində
çıxış edən Kuba Xalqlar Dostluğu İnstitutunun nümayəndəsi Maria del
Karmen Barroso ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulma tarixi, tarixi dostluq əlaqələri, Kubaya qarşı tətbiq
edilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı BMT Baş
Assambleyasında ənənəvi olaraq keçirilən səsvermələrdə Azərbaycanın
Kubaya daimi dəstəyi barədə məlumat verib. O, Kubada Ümummilli
Liderin xatirəsinin böyük hörmətlə anıldığını, həmçinin Heydər
Əliyevin Kubaya daim xoş münasibət bəslədiyini və Kubanın Ali Baş
Komandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunu
vurğulayıb.

Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev iştirakçıları
həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər Heydər
Əliyevin Azərbaycana rəhbərliyi zamanı əvəzsiz xidmətləri barədə
ətraflı məlumatlandırıb. Heydər Əliyevin müstəqil Azərbaycana
rəhbərliyi dövründən bəhs edən səfir Ulu Öndərin səyləri
nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə öz sözünü deyə bilən
nüfuzlu dövlətə çevrildiyini və bu gün də onun siyasi kursunun
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
vurğulayıb.

Daha sonra çıxış edən Havana Universitetinin professoru Emilio
Antonio Duharte Diaz və Azərbaycanda təhsil almış kubalı professor
Rafael Tenreyro öz çıxışlarında Heydər Əliyevin siyasi irsi, onun
istər Sovet İttifaqı, istərsə də müstəqil Azərbaycan üçün gördüyü
böyük işlər, müstəqilliyinin ilk illərində mürəkkəb dövrlər
keçirən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadi
çətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı naminə
həyata keçirdiyi əhəmiyyətli iqtisadi layihələr barədə
iştirakçılara geniş məlumat veriblər. Məhz Ümummilli Liderin müdrik
neft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarının
dünya bazarlarına ixracının təmin olunduğunu qeyd edən natiqlər
Azərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunu
söyləyiblər. Professor R.Tenreyro isə Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin
Azərbaycanda təhsil aldığı dövrlərə təsadüf etdiyini və həmin
dövrdə ölkədə gedən inkişafın əyani şahidi olduğunu bildirib.