
Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi
münasibətilə və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsi ilə bağlı İordaniya Haşimilər Krallığının paytaxtı
Əmman şəhərində yerləşən Yeni Bədr rayonunda Heydər Əliyevin adını
daşıyan küçənin üzərindəki İordaniya-Azərbaycan dostluq rəmzini
bildirən dairədə ağacəkmə aksiyası keçirilib.
Ölkəmizin İordaniyadakı səfirliyindən Trend-ə bildirilib ki,
Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələri və Yeni Bədr
Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diaspor
fəallarının və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil edilən
aksiyada səfir Eldar Səlimov xalqımızın Ümummilli Liderinin həyatı
və fəaliyyəti ətrafında geniş bəhs edib.
Səfir qonaqların diqqətini Ulu Öndərin dövlətimizin və
xalqımızın istər SSRİ dönəmində, istərsə də müasir tarixindəki
roluna yönəldərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya
miqyasında böyük nüfuz və ehtiram sahibi olan bugünkü Azərbaycanın
məhz Ümummilli Lider Heydər Əliyevin mirası olduğunu xüsusi qeyd
edib. O, iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin
təməlinin 1994-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının
Kasablanka Zirvə görüşü çərçivəsində Ümummilli Lider Heydər Əliyev
və İordaniya Haşimilər Krallığının mərhum Kralı Əl-Hüseyn İbn Talal
arasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu və sonrakı
illərdə bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və
İordaniya Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi ilə
daha da möhkəmləndiyini tədbir iştirakçılarının diqqətinə
çatdırıb.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya
naminə həmrəylik ili” elan edildiyini xatırladan E.Səlimov
ölkəmizdə geniş vüsət alan ağacəkmə aksiyalarının məqsədinin
ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına,
yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini
ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin
mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdən
ibarət olduğunu bildirib və bu gün paytaxt Əmmanın ən gözəl
güşələrindən birində yerləşən, Heydər Əliyevin adını daşıyan küçədə
də ağacəkmə aksiyasının keçirilməsinin yaşıl dünyamız naminə
dövlətlər və xalqlar arasında həmrəyliyin təzahürü olduğunu qeyd
edib.
Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit və rayonlar Baş
İdarəsinin rəisi Zaid Al Saada və Yeni Bədr rayonunun baş
arxitektoru Yahya əl-Hasanat çıxış edərək, iki dost ölkə arasında
əlaqələrin inkişafından məmnunluqlarını bildirib və Azərbaycan
səfirliyi tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxt
bələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini
qeyd ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçədə
tədbir iştirakçılarının iştirakı ilə ağaclar əkilib.





























