Bakı. Trend:
Hazırda mənzil bazarında vəziyyət sabitdir, qiymət artımı olsa
da yüksək deyil, cari vəziyyətə uyğundur. Mənzil bazarında yüksək
qiymət artımı ilə bağlı bəzən yayılan məlumatlar həqiqəti əks
etdirmir.
Bunu Trend-ə əmlak
məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, yüksək qiymət artımı ilin əvvəlində qeydə
alınmışdı.
“2024-cü ilin yanvar ayında ipoteka kreditlərinin verilməsindən
sonra bazara kütləvi sürətdə alıcı cəlb olundu. Alıcıların cəlb
olunması təbii ki, qiymətlərə də təsir elədi. Bu qiymət artımı
yalnız ipoteka predmentinə çevrilə bilən əmlaklara şamil olundu. Bu
hal fevral-mart aylarında baş verdi və ondan sonra qiymətlər
sabitləşdi. Ancaq hazırda bazarda vəziyyət sabitdir. Doğrudur,
qiymət artan xətt üzrə gedir, lakin az formada artır”, – deyə
ekspert bildirib.
E.Fərzəliyev vurğulayıb ki, hazırda artım sadəcə həyət evlərində
müşahidə olunur.
“Həyət evlərinə tələb olduğu üçün qiymət artımına gətirib
çıxarır. Bu da mövüsmi xarakter daşıyır və hər il bu hal müşahidə
olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət
artımı da olacaq”, – deyə qeyd edib.
Ekspert deyib ki, növbəti il ipoteka kreditləri verilən zaman
yenə qiymət artımının olacağı ehtimal edilir.
“Bu hal hər il müşahidə olunur, ipoteka kreditləri verilən zaman
bazarda aktivlik artır və bu da təbii ki, qiymətlərin artmasına
səbəb olur”, – deyə o əlavə edib.





























