Bakı. Trend:
Son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib.
X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə
istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1.
alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu
haqqında model çalışmalar davam edir.
Trend xəbər verir ki, 8-9 may
tarixlərində bəzi oblastların aktivliyi səbəbindən geomaqnit
qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3
səviyyələri arasında dəyişəcək, 11 may tarixində Bakı vaxtı ilə
saat 09.00-12.00 radələrində qasırğanın güclənəcəyi, G4 səviyyəsinə
qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə
geomaqnit sahə normal səviyyəyə enəcək.
Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların
və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə
bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında
profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni
azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.





























