Bakı. Trend:
Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndiriliyi cinayət işi
üzrə mediada yayılmış məlumatlara reaksiya verib.
Baş Prokurorluğun Trend-ə
verdiyi məlumata görə, bəzi media subyektləri və sosial şəbəkə
istifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə
pozularaq Mehman Xəlilovun Cinayət Məcəlləsinin 120.2.4 və
120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar
surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə
təqsirləndirildiyi cinayət işi üzrə istintaq və məhkəmə baxışının,
o cümlədən cinayət prosesi tərəflərinin (təqsirləndirilən və
zərərçəkmiş şəxs) şəxsi və ya ailə sirlərini açıqlayan məlumatlar
yayılıb.
Belə ki, Mehman Xəlilov qeyd olunan cinayət işi üzrə Sumqayıt
Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasında
tədqiq edilmiş sübutlara əsasən 19 il müddətinə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilib və hazırda işə müdafiə tərəfinin
hökmdən verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsində
baxılır.
Bildirilir ki, məlumatın yayılmaması barədə xəbərdarlıq edilmiş
şahid, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh, onların
nümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, hal
şahidləri, müdafiəçilər və digər şəxslər müvafiq razılıq olmadan bu
tələbi pozduqda məsuliyyət daşıyır.
Bununla yanaşı, media subyektləri və sosial şəbəkə
istifadəçilərinin nəzərinə çatdırılır ki, təhqiqatçının,
müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai
araşdırma ilə bağlı, eləcə də, ailə və şəxsi həyata dair sirr olan
məlumatların, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarı
olmadan şəxsin təqsirli olması barədə informasiyaların yayılmasına
yol verilməməlidir.
Odur ki, qanunvericiliyin qeyd olunan tələblərinə media
subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən əməl
olunmasını xahiş edirik.





























