
Bakı. Trend:
Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün
əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar
nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil
olunan ağacəkmə aksiyasında iştirak ediblər.
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai
Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki,
Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin
fəsadlarını aydın şəkildə nümayiş etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın
sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin
sədr müavini Amin Məmmədov qeyd edib ki, Azərbaycanda 2024-cü
“Yaşıl Dünya Naminə Həmrəylik ili”dir, bu aksiyada iştirak
Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi
kimi qəbul oluna bilər. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”
İctimai Birliyinin sədr müavini Roza Səfixanlı təhlükəsiz dünyanın
hamı üçün vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının
sədri Rəfael Hacıbəyli də vurğulayıb ki, Azərbaycan gəncləri də
yaşıl dünya üçün çalışır, bu ağacəkmə aksiyasında iştirak etməklə
keniyalı həmkarları ilə həmrəylik nümayiş etdirirlər.
Qeyd edək ki, Azərbaycandan bir qrup QHT Keniyada BMT-nin
Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edir.
Keniya QHT-ləri Azərbaycan QHT-lərin bu dəstəyini unutmayacaqlarını
bildiriblər, onlara həmrəylik üçün dərin təşəkkür ediblər.
Onu da qeyd edək ki, bu günlərdə ilk dəfə olaraq Nayrobidə
Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil
olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.





























