
Bakı. Trend:
Müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin
banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri,
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü
ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi
general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri
xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül
dəstələri qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin
ehtiramlarını bildiriblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətindən Trend-ə
bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın
da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil
olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın
suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət
Himni səsləndirilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış
edərək dahi rəhbərin həyat yoluna nəzər salmış, Ulu Öndərin mənalı
ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı
fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi
qiymətləndirildiyini vurğulamış, onun əvəzsiz səyləri ilə
təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında
formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək
dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz
xidmətlərindən ətraflı bəhs edib.
General-polkovnik Əli Nağıyev bildirmişdir ki, bugünkü
təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu
təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik
irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları
olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin
yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.
Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz
fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırmışdır.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə –
DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət
nümayəndələrinin ifasında konsert proqramı ilə davam
etdirilmişdir.





























