Advertisement

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 10-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr
olunan “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını
daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzüb, əziz
xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sonra YAP Xətai rayon təşkilatında davam edən tədbirdə müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin
və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən
övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev
vurğulayıb ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin
bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən
unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin
özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün
sahələrdə özünü məhz lider kimi təsdiq etmişdir. Dahi şəxsiyyət
bildirmişdir ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən
yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin
bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan
qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi
xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə,
irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Məhz Ümummilli
Liderin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycanı bütün
təhlükələrdən və faciələrdən xilas etdi, bugünümüz üçün möhkəm
təməl formalaşdırdı.

Rafiq Quluyev bildirib ki, müstəqilliyimizin bərpasının ilk
illətində Azərbaycanın hansı problemlərlə və faciələrlə üz-üzə
qaldığı məlumdur. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi
savadsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün
tutmaları ucbatından müstəqilliyimizi itirmək təhlükəsini yaşadıq.
Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb
gedirdi. Torpaqlarımızın işğalı xalqımızın sabaha ümidini itirirdi.
Belə bir çətin günlərdə dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdışın ölkəmizin qarşısında
hansı imkanları açdığını bugünkü reallığımızda aydın şəkildə
görürük. Ümummilli Lider müstəqilliyimizi daimi və sarsılmaz
etdi.

İcra Hakimiyyətinin başçısı onu da qeyd etdi ki, məhz bu möhkəm
təməl üzərində ucalan müasir müstəqil Azərbaycan davamlı uğurları
ilə dünyanın diqqətindədir. 2003-cü ildən dövlət başçısı İlham
Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək
Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. İşğal altında olan
torpaqlarımız azad edildi, Azərbaycan Bayrağı bu torpaqlarda
ucaldıldı. 2023-cü ildə suverenliyimiz tam bərpa edildi.
Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni mərhələ
başladı.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında
bildirib ki, xalqımız dövlətçilik salnaməmizdə silinməz izlər
qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və
iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini
həmişə uca tutur və minnətdarlıqla yad edir. Ümummilli Liderin
anadan olmasının 101-ci ildönümü ölkəmizdə və onun hüdudlarından
kənarda təntənə ilə qeyd edilir, misilsiz xidmətləri təhlil olunur
və bu fikir xüsusi vurğulanır ki, dahi şəxsiyyət Heydər Əliyev
bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. O,
azərbaycançılıq ideologiyasının əsasını qoydu. Onun hakimiyyətinin
istər birinci, istərsə də ikinci dövründə azərbaycançılığın
inkişafı və təbliği prioritet məsələlər sırasında idi. 1969-1982-ci
illərdə milli ruhun yüksəlişini təmin etdi, xalqın yaddaşını özünə
qaytardı, milli dövlətçilik ideyasının gələcəkdə böyük
hərəkətverici qüvvəyə çevrilməsi üçün zəmin yaratdı. Ulu Öndərin
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra əsas çağırış harada yaşamasından asılı olmayaraq bütün dünya
azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında
sıx birləşməsi oldu. Bildirildi ki, Vətən biridir, hamımız bu Vətən
üçün çalışmalıyıq. Ulu Öndərin hər bir addımının, çağırışının
əsasında xalq, dövlət, Vətən sevgisi dayanırdı. Onun “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
çağırışı Vətən sevgisini ortaya qoymaqla yanaşı, hər bir
azərbaycanılya Vətəni sevmək çağırışı idi. Böyük qürur hissi ilə
qeyd edirik ki, Ulu Öndər hər kəsə Vətəni sevməyi öyrətdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, illər keçdikcə Ümummilli Liderin
xidmətlərinin miqyasının nə qədər böyük olduğu daha aydın görünür.
1993-cü ildən başlanan yol Azərbaycana hər bir sahədə davamlı
uğurlar qazandırdı, ən yüksək zirvələri fəth etməsini təmin etdi və
2020-ci ildə tarixi Zəfərə, 2023-cü ildə isə suverenliyimizin tam
bərpa edilməsinə imza atmasını şərtləndirdi. Bütün bu uğurlara yol
açan dahi şəxsiyyətin xilaskarlıq missiyası oldu. Ölkəmizi
müstəqilliyini itirmək təhlükəsindən xilas edən Ulu Öndər Heydər
Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi.
2003-cü ildən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi
bugünkü reallıqlarımızda, Zəfərlərimizdə öz aydın ifadəsini tapır.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, cənab
İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini bərpa etdi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin
çıxışında Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrindən bəhs
edib. Bildirib ki, görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP
MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun
üzvlüyünə namizəd olduğu dövrdə onunla işləmək xoşbəxtliyinə nail
olmuşam. Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində
Azərbaycan çox qısa müddətdə postsovet məkanında iqtisadi baxımdan
qabaqcıl mövqelərə çıxdı. Həmin illər Azərbaycanın quruculuq
salnaməsinin ən parlaq səhifələridir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin
Kərimzadə bildirib ki, Heydər Əliyevin ideyaları Azərbaycanın
uğurlu gələcəyinin əsasıdır. Ulu Öndərin xalqımız qarşısında
xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman
tədqiqatlar mövzusu olacaq.

Ümummilli Liderin təhsilin inkişafı istiqamətində atdığı
addımlardan geniş bəhs edən natiq bildirib ki, Ulu Öndər Heydər
Əliyevin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın
gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri
azərbaycanlı gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərməsi idi. Ümummilli Lider bu addımı ilə dəyərli
təhsil ənənəsinin əsasını qoydu. Bu yolla Azərbaycanımızın elmi və
kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi
dəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli Liderin
1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda
hakimiyyətə qayıdışından sonra təhsilin prioritetliyi atılan
addımların miqyasında özünü göstərdi. Təhsili millətin gələcəyi
kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev təhsil sisteminin
maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atdı. Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş
ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata
keçirilməsi üçün misilsiz işlər görüb.

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam
etdirən Prezident İlham Əliyevin bu sahənin inkişafına yönələn
addımları təhsil sisteminin göstəricilərində özünün aydın ifadəsini
tapır. Heydər Əliyev Fondunun təhsilin inkişafına yönələn
layihələri də təqdirəlayiqdir. Fondun “Yeniləşən Azərbaycana yeni
məktəb” layihəsi hazırda uğurla həyata keçirilir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Y.H.
Məmmədəliyev adına Neft-Kimya Prosesləti İnstitutunun baş
direktoru, akademik Vaqif Abbasov bildirib ki, Ulu Öndər Heydər
Əliyev xalqını müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Dünya
tarixinin təcrübəsi göstərir ki, böyük şəxsiyyətlərin ideyaları
cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Bu
baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi
iradəsi inkişaf strategiyasının xüsusiyyətlərini şərtləndirir, ən
çətin məqamlarda düzgün seçimlər etməyə geniş imkanlar yaradır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi hər
gün bizimlə qoşa, bizdən öndə addımlayır, yaşayır. Hər bir
azərbaycanlı böyük qürur hissi ilə bildirir ki, nə qədər ki,
müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər
Əliyev ürəklərdə yaşayacaq. Azərbaycanın hər bir uğuru Heydər
Əliyev siyasətinin təntənəsidir. Bu siyasi kursun son 20 ildən
artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi Azərbaycanı Zəfərdən Zəfərə aparır. Cənab İlham Əliyev
2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq
prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər
Əliyevə bu müraciəti etmişdir ki, əsəriniz olan Azərbaycanı daha da
zənginləşdirəcəyik, yeni-yeni zəfərlərə doğru aparacağıq. Son 20
ilin uğurları hər bir vədin reallığa çevrildiyinin təsdiqidir.

Şəhid mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar
Şurasının sədri Mürvət Əsgərov çıxışında qeyd edib ki, bu gün
möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək
zirvələri fəth edir. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və
suverenliyini tam olaraq bərpa edən ölkəmiz yeni qələbələrə doğru
inamla irəliləyir. Dünya Azərbaycan xalqının yenilməzliyinin,
məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxmasının, torpaq,
Vətən sevgisinin bir daha şahidinə çevrildi.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümü ilə bağlı Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı
sinif şagirdləri arasında keçirilən “Əbədiyaşar Lider” mövzusunda
inşa yazı müsabiqəsinin, rayon gəncləri arasında baş tutan
minifutbol və şahmat üzrə blitz turnirlərinin qalibləri və Dövlət
İmtahan Mərkəzinin 3 mart 2024-cü il tarixində keçirdiyi buraxılış
imtahanında 300 bal toplayaraq ən yüksək nəticə göstərən 257 saylı
tam orta məktəbin şagirdi Fidan Rüstəmli mükafatlandırılıb. Yeni
Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara partiyanın
üzvlük vəsiqəsi təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə
şəkli çəkdirilib.