Advertisement

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığındakı səfirliyində Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir
keçirilib.

Trend xəbər verir ki, səfirliyin müşaviri Rəşad Vahabzadə Heydər
Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, onun
tarixi şəxsiyyət kimi böyüklüyündən və Azərbaycana xidmətlərindən
danışıb. O deyib ki, Heydər Əliyev Azərbaycana çox layiqli bir
varis bəxş edib: “Biz Heydər Əliyevin uğurlu siyasi kursunun davamı
olaraq öz torpaqlarımızı işğaldan azad edə bildik. Biz
qürurlanmalıyıq ki, bizim tariximizdə belə bir şəxsiyyət olub və
onun layiqli davamçısı var. Ulu Öndər Heydər Əliyev daim bizim
qəlbimizdə yaşayır”.

Azərbaycan Respublikasının Böyük Britaniyadakı hərbi attaşesi,
polkovnik Azər Heybətli qeyd edib ki, Azərbaycanın müstəqilliyi
bərpa olunandan sonra Ulu Öndər Heydər Əliyev orduda islahata
başladı, ordunun inkişafı üçün həm maddi-texniki zəmin, həm də ruh
yüksəkliyi yaratdı. “Bu uğurlu yol Müzəffər Ali Baş Komandanımız
İlham Əliyev tərəfindən davam etdirilir. Ordumuzun peşəkarlığı
sayəsində biz öz torpaqlarımızı geri ala bildik. Hazırda Azərbaycan
ordusu dünyanın ən güclü və qabaqcıl ordularından biridir”,- deyə o
bildirib.

Heydər Əliyevin nəbzinin hər zaman Vətənlə döyündüyünü
vurğulayan səfirliyin müşaviri Günel Səlimova qeyd edib: “Bizim
üçün qürurvericidir ki, Ümummilli Liderin dahi və müdrik siyasi
xadim olduğu beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqlənir”.

Tədbirdə iştirak edən Azərbaycan icmasının üzvləri də Ümummilli
Liderlə bağlı xatirələrini bölüşüblər. Daha sonra Kral Musiqi
Kollecinin azərbaycanlı tələbəsi, pianoçu Vüsalə Babayeva “Laçın
Balladası” əsərini ifa edib.