
Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü
münasibətilə Azərbaycanın Rumıniyadakı səfirliyi və Rumıniyada
Azərbaycanın Dostları Assosiasiyası tərəfindən tədbirlər təşkil
olunub, ulu öndərin Buxarest şəhərindəki “Tey” parkında yerləşən
büstü ziyarət edilib, abidənin önünə əklillər və tər çiçəklər
qoyulub.
Trend xəbər verir ki, daha sonra tədbir Azərbaycanın
Rumıniyadakı səfirliyində davam etdirilib. Əvvəlcə tədbir
iştirakçıları səfirliyin foyesində təşkil edilmiş, dahi şəxsiyyətin
həyatının müxtəlif mərhələlərini özündə əks etdirən zəngin
fotosərgi ilə tanış olublar.
Səfirlikdə keçirilən konfransda çıxış edən Azərbaycanın
Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat
və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik
təcrübəsi ilə apardığı cəsarətli siyasətin nəticələrindən danışıb.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində
Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi
xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulayıb.
Daha sonra Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının
sədri Vaqif Həsənov Azərbaycanla Ruminiya arasında dostluq və
əməkdaşlığın qurulmasında Ümummilli lider Heydər Əliyevin rolu
haqqında çıxış edib, Rumıniya dövlət başçılarının Azərbaycan
xalqının şanlı oğlu haqqında səsləndirdikləri fikirlərdən sitat
gətirib.
Konfransın moderatoru, Buxarest Universitetinin doktorantı
Salatın Şamilova məruzəsində Heydər Əliyev irsi və onun gənc nəslin
tərbiyəsinə təsirini qeyd edib, bu kontekstdə ötən əsrin 90-cı
illərində dünyaya göz açmış müstəqil Azərbaycanın vətəndaşlarının
müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
dövlətimizin 44 günlük Vətən müharibəsində qələbə qazanmasına və
ölkəmizin ərazi bütövlüyünü təmin etməsinə toxunub.
Tədbirin sonunda mənalı ömrünü xalqına, Azərbaycanın
möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən film
nümayiş etdirilib, açıq havada çay süfrəsi təşkil olunub.
Mərasimdə Azərbaycanın və Türkiyənin Rumıniyadakı
səfirliklərinin, “SOCAR Petroleum SA” şirkətinin, Rumıniyada
Azərbaycanın Dostları Assosiasiyasının əməkdaşları, Rumıniyada
yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.





























