Advertisement

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur (FOTO)

Bakı. Trend:

Mərakeş Krallığının Rabat şəhərində Rabat Beynəlxalq Kitab
Sərgisi öz işinə başlayıb.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mərakeş
Krallığındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz builki sərgidə milli
stendlə təmsil olunur.

Azərbaycana dair yeni nəşr olunan ümumilikdə 100 adda 200-yə
yaxın qiymətli kitabların nümayiș olunduğu milli stenddə
Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa
şəhərinin 2024-cü il üzrə “İslam Dünyasının Mədəniyyət Paytaxtı”
seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş
məlumat verilir.

Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Rabitə Nazirliyi
tərəfindən təşkil olunan sərgiyə 48 ölkədən 743 iştirakçı
qatılıb.

Sərginin açılış mərasimində Mərakeş Krallığının gənclər,
mədəniyyət və rabitə naziri Məhəmməd Mehdi Bensaid, bir sıra
ölkələrin diplomatik nümayəndələri, o cümlədən Azərbaycan
Respublikasının Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli
Səfiri Nazim Səmədov və yerli media nümayəndələri iştirak ediblər.
Milli stendimizi ziyarət edən nazir Məhəmməd Mehdi Bensaidə
Azərbaycan mədəniyyəti, tarixi, mədəniyyət paytaxtı Şuşa şəhəri ilə
bağlı ətraflı məlumat verilib və ona Qarabağa aid kitablar hədiyyə
edilib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif
Marifli və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
Mərkəzinin əməkdaşı Ləman Eyyubovanın daxil olduğu Azərbaycan
nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə
qatılıb.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (UNESCO) fəxri iştirakçı olduğu Rabat Beynəlxalq Kitab
Sərgisi 19 may 2024-cü il tarixinədək davam edəcək. Sərgi
çərçivəsində 241 mədəni tədbir baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Rabat Beynəlxalq Kitab
Sərgisində ilk dəfə iştirak edir. Bu tarixi bir hadisə olmaqla
yanaşı, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının
göstəricisidir.