
Bakı. Trend:
Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu
icmasının iclası keçrilib.
Trend xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanın Dövlət Himni
səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü
və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə
Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon
icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov
iclasın əlamətdar tarixə – Azərbaycanın memarı, xalqımızın
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə
təsadüf etdiyini bildirib.
Professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Qərbi
Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz
el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi
diqqətindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun
layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları
məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı
əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın
qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini
göstərməkdədir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının aparat rəhbəri
Qalib Qasımov Böyük Qarakilsə rayonunun sakinlərini salamlayıb. O,
İcmanın bu günə qədərki fəaliyyəti, şəhər, rayon və kənd
icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və
qarşıda duran vəzifələr barədə danışıb.
Ölkəmizin Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand
Krallığında və Bruney Darüssalamda (2013 – 2021-ci illər) fövqəladə
və səlahiyyətli səfiri olmuş Qaley Allahverdiyev diqqətə çatdırıb
ki, bugünkü Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyev
daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi
şəxsiyyətin adı hər zaman sevgi və sayğı ilə anılacaq. Azərbaycan
dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm
Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən
bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq,
zirvələr fəth etməkdə davam edəcək.
Sonra Hallavar kənd icmasının sədri, Hüquq üzrə fəlsəfə doktoru
Əli Eyvazov, Arcut kənd icmasının sədr müavini, Tibb üzrə fəlsəfə
doktoru, məşhur kardioloq Akif Nəsibovun, Heydərli kənd icmasının
sədr müavini Hümbət Tanrıverdiyevin, Qarakilsə icmasının sədri
İsaxan Maçanovun, Almalı kənd icmasının sədri Sabir Əhmədovun,
Gözəldərə İcmasının sədri Şakir Muradovun, Dızman kənd icmasının
sədri Bayram Əhmədovun və rayonun gənclərlə iş üzrə koordinatoru
Famil Fərhadoğlunun hesabatları dinlənilib. Rayonun ictimaiyyət
nümayəndələri və ziyalıları görülən işlər barədə
məlumatlandırılıb.
Görülən işlər qənaətbəxş hesab edilib. Böyük Qarakilsə rayon
icmasının sədri Zahid Cəfərov rayon sakinlərini Qayıdış
konsepsiyasına aktiv dəstək olmaya çağırıb.
Tədbirin yekununda Böyük Qarakilsə rayon sakinlərinə Qərbi
Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim
edilib.





























