
Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) (Roma,
İtaliya) Strateji Planlaşdırma və Ehtiyatların İdarəolunması
Ofisinin strategiya və planlaşdırma üzrə aparıcı eksperti Elxan
Əliyevlə Birləşmiş Millətlər Təşkilatında 30 ildən artıq əmək
yolunun əsas dövrləri barədə söhbət edirik.
Söhbətə sizin əmək fəaliyyətinizin ilkin illərindən
başlaya bilərik?
Mən əmək fəaliyyətimə 1989-cu ildə Azərbaycan Maliyyə
Nazirliyinin mərkəzi aparatında başlamışam. Bu, Sovet Ittifaqının
qarşıdan gələn süqutu və Azərbaycanın dövlət müstəqilliyinin
yaxınlaşması dövrü idi. Təəccüblü deyil ki, qısa müddətdən sonra
nazirlikdə yeni tələblərə cavab verən struktur dəyişiklikləri baş
verdi və mən cərəyan edən yeni konfiqurasiyadan kənarda qalmadım.
1991-ci ildən 1992-ci ilə qədər Prezident Administrasiyasının məsul
işçiləri ilə əməkdaşlıq edərək Azərbaycanın Beynəlxalq Valyuta
Fondu, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf
Assosiasiyası, Sərmayə Qarantiyaları Üzrə Çoxtərəfli Aqentlik,
Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Yenidənqurma və
İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi bir sıra beynəlxalq maliyyə
institutlarına daxil olması ilə bağlı bir sıra mürəkkəb məsələləri
əlaqələndirirdim. Hökumət nümayəndə heyətlərinin üzvü olmuşam.
Maliyyə Nazirliyini 26 yaşında Xarici əlaqələr şöbəsinin müdiri
vəzifəsində tərk etdim.
Birləşmiş Millətlər Təşkilatında karyeranızın
başlanğıcından bəhs edin.
Beynəlxalq ictimaiyyətə xidmətimin ilk illəri BMT-nin
Azərbaycandakı Nümayəndəliyində keçib. Həmin illərdə BMT
Katibliyinin beynəlxalq nümayəndəsi tərəfindən əlaqələndirilən BMT
strukturlarına birgə rəhbərlik həyata keçirilirdi. Mən 12 agentliyi
birləşdirən bu birləşmiş idarənin administrasiyasına rəhbərlik,
həmçinin region ölkələrində maliyyə resurslarının hərəkətinə ümumi
nəzarət edirdim (bir sıra ölkələrdə bank sisteminin
qeyri-adekvatlığı ilə əlaqədar) və regionun bəzi ölkələrində
avtonom audit missiyalarını həyata keçirirdim.
Fəaliyyətimin bu dövrü (1993-cü ildən 1996-cı ilə qədər) çox
dinamik işlərlə, icra hakimiyyəti, xüsusilə Prezident Aparatı və
Xarici İşlər Nazirliyi ilə çox məhsuldar qarşılıqlı əlaqələrlə və
çox əhəmiyyətli nəticələrlə zəngin idi. Xüsusilə, Azərbaycan
dövlətinin maddi imkanları son dərəcə məhdud olan və hərbi
əməliyyatların hələdə getdiyi illərdə yüz minlərlə məcburi köçkünə
göstərilən humanitar yardım əsl mənada onların həyatını xilas
etmişdi. Bura məcburi köçkünlər üçün bütün düşərgələrdə minlərlə
uşaq üçün çoxsaylı peyvənd kampaniyalarını da əlavə etmək
lazımdır.
Əbəs yerə deyil ki, 1995-ci ildə BMT Nümayəndəliyinin yerləşdiyi
küçə Təşkilatın rolu və xidmətlərinin tanınması məqsədilə Ümummilli
Liderin təşəbbüsü ilə BMT-nin 50 illiyi küçəsi adlandırılmışdır.
Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin legitimləşdirilməsində
böyük siyasi rol oynayan BMT Təhlükəsizlik Şurasının məlum 4
qətnaməsinin qəbul edilməsinə hazırlıqda da ofisin xüsusi rolu
olub. Bu iş Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası
ilə sıx əlaqədə həyata keçirilib və BMT Baş Katibinin 1994-cü ildə
Azərbaycana səfəri bunun təsdiqi idi.
Bəli, həqiqətən də məhsuldar bir dövr idi. FAO-da 28
ildir davam edən çox uzun bir fəaliyyət dövrü haqqında nə deyə
bilərsiniz?
Mən alim ailəsindənəm, hər zaman BMT-nin ixtisaslaşmış
agentliklərinin fəaliyyəti məni daha çox cəlb edib. Burada
fəaliyyətin normativ (elmi) məzmunu resipiyent-ölkələrə biliklərin
ötürülməsi ilə bağlı mandatın bir hissəsindən daha az önəm kəsb
etmir. FAO-ya keçməyim 1996-cı ildə baş tutub. FAO-dakı
fəaliyyətimin ilk illərində funksiyalarım Təşkilatın qlobal layihə
fəaliyyətinin proqram və büdcə ekspertizasının həyata
keçirilməsinə, FAO-nun əsas Rəhbər Orqanları ilə bu məsələlərdə
qarşılıqlı əlaqəyə yönəldilmişdir. Zamanla onlardan birinin,
Proqram Komitəsinin Katibi oldum. Bu vəzifəyə əlavə olaraq qlobal
proqram sənədlərində planlaşdırılmaqdan və ayrı-ayrı layihələrin
büdcə dəyərləndirilməsindən bu vəsaitlərin layihə donorlarından
tutulmasında və onların həm qərargahda, həm də regional,
subregional və ölkə ofisləri səviyyəsində təşkilati strukturlara
paylanmasına qədər köməkçi xərclərin ödənilməsi üzrə bütün prosesə
rəhbərlik etməyə başladım.
Mən könüllü ianələrin səfərbər edilməsində son altı il ərzində
Təşkilatın rəqabət qabiliyyətini iki dəfədən çox artıran köməkçi
xərclərin ödənilməsi üzrə yeni siyasət qaydalarının müəllifiyəm. Bu
siyasət FAO-nun rəhbər orqanları tərəfindən (müvafiq olaraq onların
nəzərinə verilən sənədlərin müəllifiyəm) qəbul edilib və eyni
zamanda BMT-nin ali inzibati bürokratiyası (FB Network of CEB HLCM)
tərəfindən BMT sisteminin bütün ixtisaslaşmış agentlikləri üçün
uzunmüddətli perpektivdə alternativsiz kimi tanınıb.
Əlavə etmək istərdim ki, yuxarıda qeyd olunan əsas funksiyaya
əlavə olaraq, uzun illərdir ki, Əməkdaşların İşə Götürülməsi
Komitəsinin sədriyəm və bunu Təşkilatın rəhbərliyi tərəfindən dərin
etimad əlaməti kimi qiymətləndirirəm.
Bu 28 il ərzində İtaliyada işlədiyiniz və yaşadığınız
dövr ərzində Sizin Azərbaycanın rəsmi strukturları ilə hər hansı
qarşılıqlı əlaqəniz olubmu?
Bəli, çox sayda əlaqələrimiz olub.Bu qarşılıqlı əlaqənin
əhəmiyyətli nəticələr verdiyi yalnız bəzi məqamlarında dayanacağam.
Bu, ilk növbədə 2003-cü ildə Azərbaycan Səfirliyinin və onun ilk
əməkdaşlarının yerləşdirilməsində yardım etməkdən ibarət idi.
2012-ci ildə Bakıda Avropa Regional Konfransının keçirilməsinə
yardımı da qeyd etmək lazımdır. O zaman Bakıda keçiriləcək
Konfransın dost olmayan ölkə və bir sıra Avropa ölkələri tərəfindən
dəstəklənən ləğv edilməsi təşəbbüsünün qarşısını ala bildik.
Azərbaycanda dünyada ilk FAO-nun Əlaqələndirici və Tərəfdaşlıq
Ofisinin yaradılması və təsis edilməsində roldan bəhs etmək də
yerinə düşər.
Gələcəyə planlarınız nədir?
İki il əvvəl FAO-da 25 ililk fəaliyyətimə görə medala layiq
görüldüm. Bu medala layiq görülən insanların sayı çox azdır, nəzərə
alsaq ki, o, yalnız Təşkilatla müəyyən növ müqaviləsi olan
əməkdaşlara verilir, bu uzunluqda dövr ərzində qərargahda çalışan
əməkdaşların sayı isə daha azdır. İstər-istəməz keçdiyin yola
baxıram və növbəti illər üçün düşünülmüş proyeksiya çəkməyə
çalışırsan. Azərbaycan, Türkiyə və Orta Asiyanı əhatə edən bölgədə
dəyişən konyukturanı nəzərə alaraq və strateji mənada nə edilə
biləcəyi ilə bağlı aydın baxışa əsaslanaraq, bu bölgədə proqramlara
məsul təşkilat vahidinin rəhbərliyinə keçmək cazibədar görünür.
Həmin baxışa əsasən, önəmli planlar arasında Mərkəzi Asiya Su
Şurasının yaradılması, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın
qurulması (bölgənin yeddi ölkəsindən altısının bu təşkilata daxil
olduğunu nəzərə almaqla), Mərkəzi Asiya Pambıq Bazarının
yaradılması və FAO-nun fəaliyyətinin tematik sahəsinə daxil olan
bir sıra digər strateji xarakterli təşəbbüslər də var. Müvafiq
sahələrdə mövcud olan ciddi regional problemləri nəzərə alanda,
bbelə proqramların əsl əhəmiyyətini dərindəm anlamaq mümkün
olur.
Söhbət üçün təşəkkür edirəm.
Siz sağ olun.





























