Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı
sürücülərə müraciət edib.
Trend-in məlumatına görə,
müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin
məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli
olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə
müşahidə olunan yağışlı hava şəraiti isə yollarda qəza riskini
əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında
dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki,
bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama
vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
“Həftənin şənbə və bazar günləri, xüsusilə respublika
əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını
nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı,
sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə
yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə
və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi
tövsiyə edirik”, – deyə məlumatda vurğulanıb.





























